Qana Əlaqə, Rəqəmsal Texnologiya və İnnovasiya naziri Samuel Nartey Corc və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Limanlar, Gömrük və Azad Zonalar İdarəsinin (PCFC) sədri Sultan Əhməd Bin Sulayem Qananın paytaxtı Akkrada 1 milyard dollar dəyərində texnologiya və innovasiya mərkəzinin yaradılması üçün razılaşma imzalayıblar.
Operativ Media xəbər verir ki, nazir Corc imzalanma mərasimindən sonra verdiyi açıqlamada bu razılaşmanın Qananın rəqəmsal gələcəyini formalaşdırmaq yolunda atılmış “cəsarətli” bir addım olduğunu bildirərək deyib:
“Bu mərkəz, sərmayənin yaradıcılıqla qovuşduğu bir məkan olacaq. Qananın gəncləri artıq imkan axtarışını xaricdə deyil, öz torpaqlarında tapacaqlar".
Corc həmçinin bu təşəbbüsün hökumətin “Bir Milyon Proqramçı” proqramına da töhfə verəcəyini qeyd edib.
Sulayem isə müasir dünyada zənginliyin əsas mənbəyinin ideya yaratmaq və onu tətbiq etmək bacarığı olduğunu vurğulayaraq deyib:
“Qana, Qərbi Afrikada istehsal və paylama mərkəzinə çevrilmək potensialına malikdir".