Artıq bir aydan çoxdur ki, Binəqədi şossesində qazıntı işləri aparılır. Qazıntı işlərini aparan aidiyyəti qurum bununla bağlı əvvəlcədən açıqlama yaymayıb və işlərin nə vaxt bitəcəyi barədə məlumat verməyib.
Yolda təmir işlərinin getməsinə dair məlumatı yalnız Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumatlarda görmək mümkündür.
Sürücülər və sakinlər Operativ Media-ya bildirirlər ki, burada MİDA tərəfindən kanalizasiya sisteminin çəkilməsi işləri görülür. Lakin işlər çox ləng həyata keçirilir və demək olar ki, ərazidəki texnikalar günün böyük hissəsində sadəcə yolun ortasında qalır. Bu səbəbdən də gün ərzində ərazidə tıxacsız saat yoxdur.
Mövzu ilə bağlı MİDA-ya sorğu ünvanladıq. Lakin sorğumuza cavab ala bilmədik.