Havanın sərin keçməsi kənd təsərrüfatına necə təsir edir?

Nərmin Qocamanlı
Havanın sərin keçməsi kənd təsərrüfatına necə təsir edir?

Yay fəslinin ortaları olsa da Azərbaycanda hava şəraiti gözlənildiyindən daha sərin keçir.

Bəs bu kənd təsərrüfatına, xüsusilə də məhsuldarlığa necə təsir edir?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Operativ Media-ya açıqlamasında bildirib ki, hazırkı hava şəraiti fermerlər üçün heç bir problem yaratmır. Əksinə, mövcud iqlim şəraiti kənd təsərrüfatı üçün olduqca əlverişlidir.

Ekspertin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu yay havalar nisbətən sərin keçir, lakin bu bitkilərin inkişafına mənfi təsir etmir:

"20-30 dərəcə arasında dəyişən temperatur göstəriciləri kənd təsərrüfatı bitkiləri üçün optimal hesab olunur. Bu temperatur aralığında bitkilərdə fotosintez prosesi daha effektiv şəkildə baş verir və bu da məhsuldarlığın artmasına səbəb olur."

Onun fikrincə, havaların sərin keçməsi ilə yanaşı, başqa bir müsbət amil də özünü göstərir — bitkilərin suya olan tələbatı azalır. Bu isə həm su ehtiyatlarına qənaət, həm də suvarma işlərinin daha az resursla həyata keçirilməsi baxımından fermerlər üçün əlavə üstünlük yaradır.

Ekspert onu da vurğulayıb ki, bəzi fermerlərin və ya vətəndaşların məhsuldarlığın az olmasını hava şəraiti ilə əlaqələndirməsi düzgün yanaşma deyil:

"Əgər kimsə məhsuldarlığın aşağı olmasını bu cür hava şəraəti ilə izah etməyə çalışırsa, bu elmi baxımdan əsaslı deyil. Əksinə, bu şəraitdə fermerlər daha yaxşı nəticələr əldə edə bilərlər."



Şəfa Hüseynli

Digər xəbərlər