Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır? - ŞƏRH

Nərmin Qocamanlı
Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır? - ŞƏRH

Müasir dövrün ən güclü vasitələrindən biri olan texnologiya həyatımızın hər sahəsinə nüfuz edib. O, yalnız gündəlik yaşam tərzimizi deyil, həm də milli kimliyimizin daşıyıcısı olan mədəniyyətimizi də dəyişməyə məcbur edir.

Bəziləri texnologiyanın yerli dəyərləri sıradan çıxardığını və qloballaşmanın təsiri ilə milli mədəniyyətin zəiflədiyini düşünür. Digərləri isə texnologiyanı bir fürsət kimi görür – mədəni irsimizi daha geniş auditoriyaya təqdim etməyin, onu qoruyub gələcək nəsillərə ötürməyin müasir yolu kimi.

Mövzunu Operativ Media-ya deputat Tənzilə Rüstəmxanlı şərh edib.

O, bildirib ki, dünya qloballaşma dalğasının təsiri altında ciddi dəyişikliklər yaşayır. İqtisadi, siyasi və texnoloji sahələrdə olduğu kimi, mədəniyyət də bu prosesdən təsirlənir:

"Milli dəyərlər bir xalqın kimliyini, tarixini və gələcəyini əks etdirir.

Onların qorunması yalnız mədəni irsin saxlanılması deyil, həm də cəmiyyətin özünəinamının gücləndirilməsi deməkdir. Buna görə də müasir texnoloji üstünlüklərdən milli mədəniyyətin qorunması naminə istifadə etmək lazımdır.

Məsələn, rəqəmsal texnologiya milli mədəniyyətin təbliği və qorunması üçün effektiv vasitədir. Sosial media platformaları və onlayn layihələr vasitəsilə milli ənənələr və incəsənət geniş auditoriyaya çatdırıla bilər.

Unutmayaq ki, bu gün atılan hər bir addım, həyata keçirilən hər bir layihə gələcək nəsillərin milli kimliyini və mədəni zənginliyini təmin edəcək. Milli mədəniyyət yalnız qorunmalı deyil, həm də qloballaşmanın yaratdığı yeni texnoloji  imkanlar vasitəsilə dünyaya tanıdılmalıdır."

Şəfa Hüseynli

Digər xəbərlər