İyulun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.
Bu barədə Operativ Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 6 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 131 nəzarətçi, 22 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.
09:05
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.
DİM-dən Operativ Media-ya bildirilib ki, imtahan vermək üçün 1416 (KOSS - 271, MHBS - 622 , İSMUBS - 523) nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Üç saat davam edən imtahanda 40 test tapşırığı təqdim olunur. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməlidirlər. Onlar özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- İmtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 6 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 131 nəzarətçi, 22 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.