Dünya Güləş Birliyi (UWW) Budapeşt (Macarıstan) şəhərində keçirilən reytinq turnirindən sonra yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Operativ Media-nın məlumatına görə, yeni reytinqə əsasən, yunan-Roma güləşi üzrə iki azərbaycanlı idmançı liderliyini davam etdirir. Bunlar qeyri-olimpiya çəki dərəcələrində dünya çempionu olmuş Eldəniz Əzizli (55 kq) və Ülvi Qənizadədir (72 kq).
Digər dünya çempionu Nihat Məmmədli (63 kq) isə birinci pillədən üçüncüyə geriləyib. Bununla belə, Budapeştdə keçirilmiş turnirdə qalib gəldiyi 60 kq çəki dərəcəsində reytinqdə 5-ci yerə yüksəlib.
Yunan-Roma güləşi üzrə digər təmsilçilərimizdən Sənan Süleymanov (77 kq) ikinci, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) üçüncü pillədə qərarlaşıblar. Həmçinin, son reytinq turnirinin bürünc mükafatçısı İslam Abbasov (87 kq) 6-cı, Murad Əhmədiyev (97 kq) isə 9-cu yerdədir.
Sərbəst güləşdə isə olimpiya mükafatçısı və son Avropa çempionatının qalibi Giorgi Meşvildişvili (125 kq) liderliyə yüksəlib. Nurəddin Növruzov (61 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) 4-cü, Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) 5-ci, Budapeştdə reytinq turnirini qazanan Arsen Cioyev (86 kq) 6-cı, İslam Bəzərqanov (57 kq) isə 9-cu sıradadır.
Qadın güləşçilər arasında isə yeganə idmançımız Alena Kolesnik (59 kq) “top-10”da yer alıb və hazırda 7-ci pillədə qərarlaşıb.