Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artaraq 290 milyon manat olub.
Operativ Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz təşkil edib (2024-cü ilin eyni dövründə 21,1 faiz). Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda 34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1 faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz, Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16,0 faiz, Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdən aşağı olub.