Dövlət Komitəsinin sədri Vatikanın Dövlət Katibinin Müavini ilə görüşüb

Şəfa Hüseynli
Dövlət Komitəsinin sədri Vatikanın Dövlət Katibinin Müavini ilə görüşüb

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət Katibinin müavini, arxiyepiskop Edgar Pena Parra ilə görüşüb.
 
Operativ Media xəbər verir ki, bu barədə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, dinlər və mədəniyyətlərarası dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib.

Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi  istiqamətində aparılan  məqsədyönlü dövlət siyasəti  multikultural və tolerant mühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun möhkəmlənməsində və  inkişafında yaxından iştirak edirlər.

Ramin Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, ibadət məkanlarının bərpası və qorunması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dini-mədəni abidələrin  bərpa və qorunması istiqamətində həyata keçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Edgar Pena Parra Vatikanla Azərbaycan arasında münasibətlərin inkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşma naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb.

Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışan Dövlət Katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin bəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.

Şəkil Qalereyası

Dövlət Komitəsinin sədri Vatikanın Dövlət Katibinin Müavini ilə görüşüb - Şəkil 1
Dövlət Komitəsinin sədri Vatikanın Dövlət Katibinin Müavini ilə görüşüb - Şəkil 2
Dövlət Komitəsinin sədri Vatikanın Dövlət Katibinin Müavini ilə görüşüb - Şəkil 3

Digər xəbərlər