"Qalatasaray"ın gənc futbolçusu Yunus Akgünün müqaviləsi 2029-cu ilə qədər uzadılıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-qırmızılı" klubun yaydığı açıqlamada bildirilir ki, Yunusun bu mövsümün sonunda başa çatacaq müqaviləsi 2028–2029-cu il mövsümünün sonuna qədər uzadılıb.
"Qalatasaray"ın akademiyasından çıxan Yunus 2018-ci ildə əsas komandaya yüksəlib. O, 2020–2022-ci illər ərzində icarə əsasında "Adana Dəmirspor"da çıxış edib.
2023–2024 mövsümündə İngiltərənin "Lester Siti" klubunda forma geyinən futbolçu ötən mövsümü "aslanlar"da tamamlayıb.
Yunus 2024–2025 mövsümündə "sarı-qırmızılı" forma ilə 44 oyunda iştirak edib, 12 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.