“Üçüncü dəfə pley-off şansını əldən vermək istəmirik”.
Operativ Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə "Şkendiya" ilə oyundan sonra "CBC Sport" kanalına verdiyi musahibədə deyib.
O, komandanın çıxışından ümumilikdə razı olduğunu bildirib:
“Bu mərhələyə gəlib çıxdığımız üçün xoşbəxtik. Əlbəttə, istərdik ki, qapımızda bir qol da görməyək, amma təəssüf ki, belə oldu. Ümumi götürsək, komanda şəklində çıxışımızdan razıyıq. Daha da inkişaf etməli olduğumuzu bilirik. Məqsədimiz Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməkdir. Qarşıdakı iki oyunda da maksimum çalışacağıq ki, bunu bacaraq”.
Mustafazadə pley-off mərhələsində artıq iki dəfə şansı əldən verdiklərini xatırladıb:
“Artıq iki dəfə pley-off-da şansı əlimizdən qaçırmışıq. Üçüncü dəfə buna icazə vermək istəmirik. Ona görə bütün diqqətimiz qarşıdakı iki oyundadır və hədəfimiz maksimum şəkildə liqa mərhələsinə yüksəlməkdir”.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq. Matç avqustun 19-da səfərdə baş tutacaq.