Qurban Qurbanov: "Müdafiəyə qapanmaq düşüncəmiz yoxdur"

Əziz Əzizli
Qurban Qurbanov:  "Müdafiəyə qapanmaq düşüncəmiz yoxdur"

“Soyuqqanlı olmalı və sona qədər oyundan qopmamalıyıq”.

Operativ Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının təsnifat mərhələsində “Ferentsvaroş”la cavab görüşündən öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş məşqçi önəmli qarşılaşmada futbolçuların psixoloji hazırlığının xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. İlk matçdakı nəticə bizə üstünlük qazandırır, amma o oyunu düşünməməliyik. Rəqib çox təhlükəlidir və daha çox riskə gedəcək. Biz sona qədər oyundan qopmamalı və soyuqqanlı davranmalıyıq”, – Qurbanov qeyd edib.

Oyun planı ilə bağlı sualı cavablandıran Qurbanov, nəticəyə hesablanmış sırf müdafiə futbolu oynamayacaqlarını vurğulayıb:

“Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Sadəcə, sabah meydanda bizə lazım olanı edəcəyik. Müdafiəyə qapanmaq düşüncəmiz yoxdur, qol vurmaq da bizim üçün çox vacibdir”, – deyə o bildirib.

Məşqçi futbolçuların psixoloji baxımdan hazır olması üçün xüsusi diqqət ayırdıqlarını da söyləyib:

“Səfərdəki oyundan sonra hamı bizi cütün qalibi kimi görür. Bu da futbolçularda həyəcan yaradır. Onlarla söhbətlərim daha çox bu yöndədir. Psixoloji hazırlıq birinci yerdədir”, – Qurbanov vurğulayıb.

Hakim təyinatına münasibət bildirən Qurban Qurbanov narahatlıq duymadığını deyib:

“ÇL və AL-in finalında hakimlik etmiş bir referinin bu oyuna təyinatı UEFA-nın ciddiliyini göstərir. Mənim tərəfdən narahatçılıq yoxdur”, – deyə baş məşqçi açıqlama verib.

Qurbanov, “Ferentsvaroş”un Stanislav Çerçesovun vaxtı ilə indiki oyununu müqayisə etməkdən çəkinərək, hər iki dövrdə komandanın güclü olduğunu söyləyib.

Baş məşqçi həmçinin yeni transferlə bağlı xəbəri də təsdiqləyib:

“Kamilo Duranın “Qarabağ”a keçidi doğrudur”, – deyə o bildirib.

Qurban Qurbanov sonda azarkeşlərə təşəkkürünü çatdıraraq onların dəstəyinin komanda üçün vacibliyini qeyd edib.

Digər xəbərlər