Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın həbs müddətini 30 gün - noyabrın 17-dək uzadıb.
Operativ Media-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, qərarı hakim Vahe Dolmazyan cümə axşamı axşam keçirilən iclasda elan edib.
Təqsirləndirilən şəxsin vəkili Aram Vardevanyan jurnalistlərə bildirib ki, müstəntiqlərin vəsatəti qismən təmin edilib.
İyun ayında hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunan Karapetyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə onun həbs müddətini oktyabrın 18-dək uzadıb.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Karapetyana qarşı əlavə ittihamlar elan edib. O, xüsusən rəsmi və ya xidməti səlahiyyətlərindən və ya onlardan əldə edilən təsirlərdən istifadə edərək külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.