Bəzi şəxslərin pensiyalarına aylıq sabit əlavələr ediləcək
"Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklər Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və tətbiq tarixi bu ayın ilk günündən hesablanacaq.
Operativ Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən kateqoriyadan olan şəxslərin pensiyalarına aylıq sabit əlavələr hesablanacaq. Beləliklə, sosial yığımlar əsasında müəyyənləşdirilən pensiya məbləğinə əlavə vəsait daxil ediləcək.
Deputat qeyd edib ki, hazırda həmin kateqoriyadan olan şəxslərin pensiyaları pensiyaya çıxarkən fərdi hesablarında toplanan kapital əsasında deyil, əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilir. Yeni dəyişikliklər isə sığorta mexanizmini gücləndirəcək və pensiya məbləğinin fərdi hesablardakı yığımlar əsasında hesablanmasına, eyni zamanda sabit əlavələrin tətbiqinə imkan verəcək.
Söhbət dövlət qulluqçularından, Müdafiə Nazirliyinin hərbi qulluqçularından və bir sıra digər kateqoriyalara aid şəxslərdən gedir.
Vüqar Bayramov yeni hesablama qaydasını nümunə ilə izah edib. Belə ki, müvafiq kateqoriyaya aid şəxsin 100 min manat pensiya kapitalı olduğu halda, bu məbləğin 85 faizi fərdi hesabda nəzərə alınacaq. Nəticədə hesabda 85 min manat qalacaq.
Həmin məbləğ 144-ə bölünərək aylıq pensiyanın yığım əsaslı hissəsi müəyyənləşdiriləcək. Beləliklə, 85 min manat kapitalı olan şəxsin aylıq pensiyasının bu hissəsi 590,2 manat təşkil edəcək. Daha sonra həmin məbləğə qanunvericiliklə müəyyənləşdiriləcək sabit əlavə hesablanacaq.
Deputat bildirib ki, yeni qaydalara əsasən, pensiya və pensiya əlavələrinin proaktiv qaydada təyin edilməsi nəzərdə tutulur. Yəni vətəndaşların bunun üçün dövlət qurumlarına müraciət etməsinə ehtiyac qalmayacaq, pensiya məbləği elektron qaydada hesablanaraq təyin ediləcək.
Vüqar Bayramovun sözlərinə görə, aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. Qanuna edilən dəyişikliklər təsdiqlənərkən bu qurum da müvafiq fərmanla müəyyən ediləcək.