Qəzza zolağının yenidən qurulması və atəşkəs rejiminin monitorinqi üzrə ABŞ-nin rəhbərlik etdiyi Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Operativ Media bu barədə "ABC News"a istinadən xəbər verir.
Məlumata görə, mərkəz Qəzzanın şimal-şərqində, İsrail ərazisində yerləşəcək. Onun dəqiq ünvanı açıqlanmasa da, bildirilir ki, mərkəz İsrail hərbi bazasında yerləşməyəcək. Bu isə Fələstin anklavının bərpasında iştirak edən digər ölkələrin rəsmilərinə mərkəzə çıxış imkanı verəcək.
ABC News qeyd edir ki, mərkəzə amerikalı general-leytenant rəhbərlik edəcək.
Sentyabrın 29-da Ağ Ev ABŞ prezidentinin Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” təqdim edib. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici idarəetmənin yaradılmasını, həmçinin beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
Oktyabrın 9-da Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdə keçirilən danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılıq əldə etdiklərini bəyan edib.