Orban Aİ ölkələrini Avropa təhlükəsizliyi ilə bağlı Rusiya ilə danışıqlar aparmağa çağırıb

Operativ Media
Orban Aİ ölkələrini Avropa təhlükəsizliyi ilə bağlı Rusiya ilə danışıqlar aparmağa çağırıb

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı hərbi və iqtisadi baxımdan Rusiyadan daha güclüdür.

Operativ Media  xəbər verir ki, buna baxmayaraq, hökumət başçısı əmindir ki, Aİ yeni Avropa təhlükəsizlik sazişinin hazırlanmasında maraqlı olmalı və bunun üçün Moskva ilə danışıqlar aparılmalıdır.

Budapeştdə xaricdəki macar azlıq təşkilatlarının toplantısında çıxış edən Orban bildirib: “Bu gün Avropa Rusiyadan daha güclü bir nizamdır. Rusların sayı 140 milyon ola bilər, Aİ ölkələrinin əhalisi isə 400 milyonu ötüb. Biz nüvə potensialı istisna olmaqla, iqtisadiyyat və hərbi büdcə baxımından Rusiyanı xeyli geridə qoyuruq".

Onun sözlərinə görə, Avropada yeni təhlükəsizlik sazişinin yaradılması üçün “bu güc danışıqlar masası arxasında nümayiş etdirilməlidir”. “Avropanın yeni təhlükəsizlik sistemi qurulmalı, silahlanma məsələləri və müxtəlif ölkələrdə silahlı qüvvələrin sayı dəqiqləşdirilməlidir. Bu məsələlərdə razılıq əldə olunmalı, nəzarət sistemi yaradılmalıdır. Çünki müharibənin kölgəsində dövlətlər bir-birinin ardınca əvvəlki silah müqavilələrindən imtina ediblər”, – Orban qeyd edib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqı daxilində bu məsələ ilə bağlı müxtəlif fikirlər mövcuddur. “Xüsusilə, bir Aİ ölkəsinin prezidenti hesab edir ki, Rusiya ilə danışıqlar aparılmalı olacaq, lakin indi deyil”, – deyə Orban vurğulayıb.

O əlavə edib ki, silahlanma yarışının qarşısını almaq üçün Rusiya ilə Avropanın təhlükəsizliyinə dair razılaşma da vacibdir. “Silahlara davamlı xərclər Macarıstanın maraqlarına uyğun deyil”, – baş nazir bildirib.

Digər xəbərlər