Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb
“Azərbaycanda sabit genişzolaqlı abunəçilərin sayı 2,3 milyona çatıb”.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq İKTA-dan bildirilib:
"Son illər ölkəmizdə telekommunikasiya sektorunun inkişafı istiqamətində genişmiqyaslı islahatlar və infrastruktur layihələri həyata keçirilir. Xüsusilə internet şəbəkəsinin modernləşdirilməsi, fiber-optik infrastrukturun genişləndirilməsi və rəqəmsal xidmətlərin əlçatanlığının artırılması Azərbaycanda rəqəmsal transformasiyanın əsas dayaqlarından birinə çevrilib".
Belə layihələrdən biri də 2021-ci ildən etibarən, regionlar daxil olmaqla, geniş miqyasda həyata keçirilən və ötən ilin sonunda uğurla yekunlaşan “Onlayn Azərbaycan” layihəsidir.
Bu tədbirlər öz nəticəsini göstərərək internetin keyfiyyəti və sürəti üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Əgər 2021-ci ildə ölkəmizdə 1.1 milyon sabit genişzolaqlı internet abunəçisi var idisə, bu gün həmin göstərici 2.3 milyona çatır ki, onun da təxminən 97%-ni əhali sektoru üzrə abunəçilər, digər 3%-ni isə qeyri-əhali sektoru üzrə abunəçilər təşkil edir".
Qeyd olunub ki, ölkəmizdə sabit genişzolaqlı internet abunəçilərinin sayı ilə yanaşı keyfiyyətində və sürətində artım dinamikası müşahidə olunur:
"“Ookla” şirkətinin hər ay açıqladığı “Speedtest Global İndex” hesabatına əsasən son 1 ildə ölkəmizdə həm sabit genişzolaqlı, həm də mobil internetin sürəti əhəmiyyətli dərəcədə artıb.
Ötən illərdə həyata keçirilən infrastruktur layihələrinin bəhrəsi olaraq ölkədə internet sürətində artım dinamikası davam edir. Sabit genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın oktyabr ayı üzrə hesabatına əsasən, Azərbaycanda sabit genişzolaqlı internetin mediansürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq 84.82 Mbit/s-ə çatıb. Bu, illik median sürətin 47% artımı deməkdir. Qeyd edim ki, ötən ilin sentyabr ayında bu göstərici 57.62 Mbit/s idi.
2022-ci ilin oktyabrında yayımlanan hesabatda Azərbaycan 26.17 Mbit/s nəticə ilə 119-cu yerdə idi. Son hesabat isə göstərir ki, ölkədə internet sürəti 3 dəfədən çox artaraq əhəmiyyətli yüksəliş göstərib və Azərbaycan 35 pillə irəliləyərək 84-cü yerə yüksəlib".