Menyu

Bu ildən hansı cərimələr tətbiq ediləcək?

Ayşən Sadıxzadə
Bu ildən hansı cərimələr tətbiq ediləcək?
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər bir sıra yeni inzibati məsuliyyət tədbirlərini nəzərdə tutur. 

Operativ Media xəbər verir ki, bu fikirləri “Xəbər Ertəsi” proqramında hüquqşünas Ramil Süleymanov səsləndirib.

Onun sözlərinə görə, bu yeniliklər müxtəlif sahələri əhatə edir:

"Belə ki, motosiklet və moped sürücüləri üçün yeni tələblər müəyyənləşdirilib. Motosiklet və moped sürərkən mühafizə dəbilqəsinin (motodebilqə) taxılmaması və ya düzgün bağlanmaması, eləcə də sərnişinlərin bu tələbi pozması hallarında 40 manat məbləğində cərimə tətbiq olunacaq.

Vəzifəli və ya xüsusi statusa malik şəxslərin qanunsuz üstünlüklərdən istifadə etməsi inzibati məsuliyyət yaradır. Bu halda vəzifəli şəxslər üçün 200–300 manat, hüquqi şəxslər üçün isə 600–800 manat məbləğində cərimə nəzərdə tutulur.

Vergi uçotuna alınmadan fəaliyyət göstərilməsi, eləcə də qanunla müəyyən olunmuş hallarda hədiyyələrin rəsmiləşdirilməməsi 200 manat cərimə ilə nəticələnəcək. Bu dəyişikliklər sahibkarların və vergi ödəyicilərinin məsuliyyətinin artırılmasına xidmət edir.

Televiziya və media məkanında Azərbaycan dilinin norma və qaydalarının pozulmasına görə 500 manat məbləğində cərimə tətbiq ediləcək. Qeyd olunan qayda növbəti ildən qüvvəyə minəcək.

Enerji effektivliyi tələblərinin pozulması, müvafiq pasportlaşdırmanın aparılmaması və texniki normalara əməl edilməməsi hallarında fiziki şəxslər üçün 200–400 manat, vəzifəli şəxslər üçün 1000–1500 manat, hüquqi şəxslər üçün isə 2500–3000 manat məbləğində cərimə nəzərdə tutulur.

Maliyyə Nazirliyinin tələblərinə zidd olaraq qiymətli kağızların təklif edilməsi 1000 manat cərimə ilə nəticələnəcək.

Sosial mediada söyüş söyülməsi, qeyri-etik ifadələrdən istifadə, əxlaqa zidd jest və davranışlar xuliqanlıq kimi qiymətləndiriləcək. Bu hallarda:

İlk dəfə törədildikdə: 500–1000 manat cərimə və ya 30 günədək inzibati həbs,

Təkrar hallarda: 1000–2000 manat cərimə və ya 1–2 ayadək inzibati həbs nəzərdə tutulur.

Qanunvericilikdə cərimələrin sərtləşdirilməsində əsas məqsəd vətəndaşların hüquqi davranışa təşviq edilməsi, ictimai asayişin və qarşılıqlı hörmət mühitinin qorunmasıdır. Bununla yanaşı, cəmiyyətdə belə bir fikir də formalaşıb ki, cərimələrin məbləği vətəndaşların real gəlir səviyyəsinə uyğun olmalıdır.

Bu dəyişikliklərin real nəticələrini zaman göstərəcək. Lakin maarifləndirmə işinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu sahədə əsas məsuliyyət, şübhəsiz ki, medianın üzərinə düşür".

Əlaqəli Xəbərlər