Yağışlı və dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib
"Yağışlı və dumanlı hava şəraiti zamanı yol-nəqliyyat iştirakçıları adi günlərlə müqayisədə daha diqqətli və məsuliyyətli davranmalıdırlar. Bu cür hava şəraitində əsas risk amillərindən biri asfalt örtüyünün yaş olması və görünüş məsafəsinin azalmasıdır. Yaş və sürüşkən yol səthi nəqliyyat vasitəsinin tormozlanma məsafəsini artırır və qəza ehtimalını yüksəldir. Eyni zamanda dumanlı hava şəraiti sürücünün vizual qavrayışını zəiflədir və yol hadisələrinin başvermə riskini real şəkildə artırır".
Bu sözləri Operativ Media-ya Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
O bildirib ki, sürücülər birinci növbədə ara məsafəsini adi şəraitlə müqayisədə daha çox saxlamalı və hərəkət sürətini minimuma endirməlidirlər:
“Nəqliyyat vasitəsinin texniki sazlığı da xüsusi əhəmiyyət daşıyır. Qış mövsümünə uyğun təkərlərin istifadəsi, işıq cihazlarının və şüşəsilənlərin tam işlək vəziyyətdə olması dumanlı və yağışlı hava şəraitində təhlükəsiz hərəkəti təmin edən əsas amillərdəndir.
Əlavə olaraq, sürücülərin yorğun və yuxulu vəziyyətdə sükan arxasına keçməsi belə hava şəraitində riskləri daha da artırır və qəza ilə nəticələnə bilər. Təhlükəsiz şəkildə mənzil başına çatmaq üçün hər bir sürücü yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmalıdır.
Piyadalar da bu tip hava şəraitinin yaratdığı təhlükələri nəzərə almalı və yalnız onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər. Görünüşün məhdudlaşdığı şəraitdə qaydalara əməl olunması həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini təmin edən əsas tələblərdən biridir”.