Menyu

BŞİH: Müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Şəfa Hüseynli
BŞİH: Müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakıda piyadayönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması prioritetlərdən biri kimi müəyyən olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar BŞİH tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.

Bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Həmin ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki, burada piyada səkisini ləğv edərək parkinq ərazisinə giriş təşkil etməyə cəhd göstərilib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitorinqlər keçirilərək bu kimi neqativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər