Amerikalı reper 30 il həbs cəzasına məhkum edilib
Amerikalı reper Key Flock (əsl adı Kevin Perez) atışma və reketçilikdə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrum edilib.
Operativ Media xəbər verir ki, bu barədə "FOX News" məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Key Flock 2018–2021-ci illər ərzində rəqib dəstələrlə dəfələrlə atışmalarda iştirak edən və bu fəaliyyətlərə rəhbərlik edən qruplaşmanın başçısı olub. Həmin hadisələr nəticəsində bir neçə nəfər yaralanıb. Reper, həmçinin reketçilik və qətl cəhdində günahkar hesab edilib.
Key Flock məhkəmə prosesində dəyişdiyini və səhvlərini etiraf etdiyini bildirib. Lakin hökm çıxaran hakim onun səmimi peşmançılıq nümayiş etdirmədiyini vurğulayıb. Hakim qeyd edib ki, təqsirləndirilən şəxs mahnılarında dəfələrlə zorakılığı təbliğ edib və bununla da cəmiyyətə ciddi ziyan vurub.
Key Flock 2021-ci ilin noyabrında “Billboard” jurnalı tərəfindən “Ayın ən yaxşı yeni sənətçisi” seçilib. O, populyarlığının zirvəsinə 2022-ci ildə hip-hop/rep sənətçisi Cardi B ilə birgə ifa etdiyi “Shake It” hit mahnısının yayımlanmasından sonra yüksəlib. "ABC News"un məlumatına görə, bu cinayət işi onun musiqi karyerasını ciddi şəkildə sarsıdıb.