Menyu

DÇ-2026-dan kənarda qalan ulduz futbolçular

Operativ Media
DÇ-2026-dan kənarda qalan ulduz futbolçular

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi Dünya Çempionatının finallarına cəmi iki ay qalıb.

Operativ Media xəbər verir ki, mart ayındakı beynəlxalq pley-off oyunlarından sonra 48 komandanın hamısı artıq müəyyənləşib. İspaniya, Braziliya, İngiltərə, Fransa və son çempion Argentina da daxil olmaqla, turnirin bütün əsas favoritləri təsnifat mərhələsini uğurla keçiblər.

Bu turnirin Lionel Messi üçün "son rəqs" olacağı gözlənilir. Lamine Yamal, Vinisius Jr, Usman Dembele və Kilyan Mbappe kimi ulduzlar isə argentinalı ikonun kölgəsində qalmamağa çalışacaqlar. Digər tərəfdən, Kriştiano Ronaldo Portuqaliya yığması ilə 6-cı dəfə Dünya Çempionatında iştirak edərək Messinin rekorduna şərik olacaq. Harri Keyn Tomas Tuxelin rəhbərliyi altında İngiltərənin ümidlərini çiyinlərində daşıyacaq, Erling Holann isə Norveç yığması ilə ilk dəfə bu möhtəşəm səhnəyə addım atacaq.

Lakin bəziləri üçün bu yol artıq başa çatıb. Təsnifat mərhələsi bir neçə böyük ulduzun arzularını növbəti yaya qədər dəfn etdi. Budur, Şimali Amerikada parlamayacağı dəqiqləşən ən böyük ulduzlar:

Cici Donnarumma (İtaliya)

İtaliya ardıcıl üçüncü dəfə Dünya Çempionatına vəsiqə qazana bilmədi. 2006-cı il çempionluğundan bəri "Azzurri" bu turnirdə cəmi bir qələbə qazanıb (2014-cü ildə İngiltərəyə qarşı). Sandro Tonali, Nikolo Barella və Alessandro Bastoni kimi bir nəsil hələ də qlobal turnirdə öz izini qoymağı gözləyir. Onların arasında ən məşhuru, "Yaşin Mükafatı"nın sahibi və Avro-2020-nin ən yaxşı oyunçusu Cici Donnarummadır. "Mançester Siti"nin qapıçısı növbəti təsnifat mərhələsinə qədər artıq 30 yaşını keçmiş olacaq.

Robert Levandovski (Polşa)

21-ci əsrin ən böyük hücumçularından biri olan Robert Levandovski bu yay Polşanın pley-offda İsveçə 3:2 hesabı ilə uduzmasından sonra Dünya Çempionatı rekordunu yeniləyə bilməyəcək. 37 yaşlı hücumçu bu məğlubiyyətdən sonra milli karyerasını bitirə biləcəyinə dair işarələr verib.

Xviça Kvaratsxeliya (Gürcüstan)

Avro-2024-ün sürpriz komandası olan Gürcüstanın aparıcı qüvvəsi Kvaratsxeliya bu yay böyük səhnədə olmayacaq. "PSJ"-nin vingeri təsnifat mərhələsində parlasa da, Gürcüstan qrupu İspaniya və Türkiyədən geri qalaraq üçüncü pillədə başa vurdu.

Viktor Osimhen (Nigeriya)

Nigeriya pley-offda gözlənilmədən DR Konqoya udyzaraq ardıcıl ikinci dəfə turnirdən kənarda qaldı. Osimhenin zədə səbəbindən meydanı erkən tərk etməsi "Super Qartallar"ın hücum gücünü azaltdı. "Qalatasaray"ın ulduzu növbəti turnir başlayanda 30 yaşında olacaq, bu isə o deməkdir ki, onun ən məhsuldar illəri qlobal arenadan uzaqda keçir.

Kristian Eriksen (Danimarka)

Danimarka pley-offda Çexiyaya penaltilər seriyasında uduzaraq 2016-cı ildən bəri ilk dəfə böyük turniri buraxmalı oldu. "Volfsburq"da yenidən forma bərpa edən 34 yaşlı Eriksenin bir daha Dünya Çempionatında oynamaq şansı çox aşağı görünür.

Pyer-Emerik Obameyanq (Qabon)

Dünya Çempionatında heç vaxt oynamamış ən yaxşı hücumçulardan biri olan Obameyanq, Qabonun Nigeriyaya uduzmasından sonra bu arzusuna vida etdi. 36 yaşlı ulduz təsnifatda 7 qol vursa da, komandasını zirvəyə daşımağa gücü yetmədi.

Bryan Mbeumo (Kamerun)

Kamerun avtomatik vəsiqəni Kabo-Verdeyə uduzduqdan sonra pley-offda DR Konqoya məğlub oldu. Mbeumo, Andre Onana və Karlos Baleba kimi oyunçuları olan "Yenilməz Şirlər" keçmiş güclərindən uzaq görünürlər.

Duşan Vlahoviç (Serbiya)

Serbiya 2014-cü ildən bəri ilk dəfə turnirdən kənarda qaldı. "Yuventus"un hücumçusu Vlahoviç təsnifat mərhələsində gözləntiləri doğrultmadı və İngiltərə ilə Albaniya kimi rəqiblərə qarşı təsirsiz qaldı.

Aleksis Sançes (Çili)

Aleksis Sançes "Barselona", "Arsenal" və "İnter" kimi klublardakı uğurlu çıxışları ilə parlayan, eyni zamanda 2014-cü il Dünya Çempionatında Çili yığması ilə yadda qalan möhtəşəm bir karyeraya sahibdir. Lakin artıq 37 yaşına çatmış hücumçu bu möhtəşəm səhnəyə bir daha çıxmaq şansı qazanmayacaq.

Çili 2018 və 2022-ci il finallarına vəsiqəni son anda əldən vermişdisə, bu dəfə hədəfdən çox uzaq qaldı. Onlar KONMEBOL (Cənubi Amerika) cədvəlini 18 oyundan cəmi 11 xal toplayaraq sonuncu pillədə başa vurdular. Ağır baldır zədəsi Sançesi ilk səkkiz oyundan kənarda qoydu, sentyabr ayında baş məşqçi təyin olunan Nikolas Kordova isə onu ümumiyyətlə heyətdən kənarlaşdırdı.

Sançes doğma meydanda Argentinaya 1-0 hesabı ilə uduzduqları və Boliviyaya 2-0 hesabı ilə məğlub olduqları oyunlarda iştirak etsə də, əvvəlki kimi formasında olmayıb. O, rəsmi olaraq milli karyerasını bitirdiyini elan etməsə də, Çili yığması yaxşı və ya pis, artıq öz çoxillik talismanı olmadan yeni bir dövrə qədəm qoyur.

Əlaqəli Xəbərlər