Menyu

FIFA prezidenti İran milli komandasının üzvləri ilə görüşüb

Operativ Media
FIFA prezidenti İran milli komandasının üzvləri ilə görüşüb

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino İran milli komandasının futbolçuları və İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi ilə görüşdüyünü bildirib.

Operativ Media xəbər verir ki, İnfantino bu haqda sosial şəbəkə hesabında yazıb.

“Kosta-Rika komandasına qarşı keçirilən yoldaşlıq oyunu ərəfəsində İran milli komandasının oyunçuları ilə görüşmək mənim üçün çox xoş oldu. Futbolçularla, eləcə də İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi ilə söhbət etmək imkanım oldu.

İran yığmasını dünya çempionatına vəsiqə qazanması və həm ölkədə, həm də bütün dünyada milyonlarla insanı qürurlandırması münasibətilə bir daha təbrik etdim. Ölkəni təmsil etmək böyük məsuliyyətdir. Mən oyunçuları azarkeşləri ruhlandırmağa davam etməyə və dünya arenasında öz xalqının xəyallarını gerçəkləşdirməyə çağırdım.

Futbol hətta ən çətin şəraitdə belə birlik və ümid gətirir. FIFA komandanın dünya çempionatına ən yaxşı şəkildə hazırlaşmasını təmin etmək üçün onlara dəstək verməyə davam edəcək. Onların dünyaya humanizm və həmrəylik mesajı ötürəcəklərini səbirsizliklə gözləyirəm”, — deyə o, qeyd edib.

Xatırladaq ki, daha əvvəl İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac dünya çempionatındakı oyunların ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar apardığını bildirmişdi. Federasiya bu müraciəti ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik mülahizələrinə görə iranlıların turnirdə iştirakını məqsədəuyğun hesab etmədiyini açıqladıqdan sonra edib.

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Püşkatmanın nəticələrinə əsasən, İran millisi Belçika, Misir və Yeni Zelandiya komandaları ilə birlikdə G qrupunda yer alıb.

Əlaqəli Xəbərlər