ABŞ xüsusi təyinatlıları İranda qəzaya uğrayan qırıcının ikinci ekipaj üzvünü xilas edib
ABŞ xüsusi təyinatlı dəstələri axtarış əməliyyatı zamanı İran ərazisində vurulmuş F-15E qırıcısının ikinci ekipaj üzvünü xilas ediblər.
Operativ Media xəbər verir ki, “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlılar ABŞ aviasiyasının dəstəyi ilə hərəkət ediblər. Portal qeyd edir ki, hazırda bütün ABŞ qüvvələri düşmən ərazisindən çıxarılıb.
İki nəfərlik F-15E qırıcısı aprelin 3-də İran səmasında vurulub. “Axios”un məlumatına görə, katapult etdikdən sonra hər iki ekipaj üzvü — pilot və şturman-operator — əlaqəyə girməyi bacarıb. Portalın mənbələri bildirib ki, pilot təyyarənin qəzaya uğramasından bir neçə saat sonra xilas edilib. Axtarış-xilasetmə əməliyyatı zamanı İran tərəfi ABŞ-yə məxsus bir "Black Hawk" helikopterini vurub. Helikopterin heyəti yaralansa da, o, ərazidən uzaqlaşa bilib.
Şturman-operatorun yerinin müəyyən edilməsi isə bir sutkadan çox vaxt aparıb. Onu xilas etmək üçün əməliyyat şənbə günü başlayıb. Bu müddət ərzində ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları əraziyə doğru hərəkət edən İran qüvvələrinə zərbələr endirib ki, onlar ikinci ekipaj üzvünü ABŞ xüsusi təyinatlılarından öncə tapmasınlar.
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində ikinci pilotun xilas edildiyini təsdiqləyib. O bildirib ki, pilot yaralansa da, hazırda "sağ-salamatdır".