Braziliya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Korintians” Braziliya çempionatının 10-cu turunda doğma meydanda “İnternasional”a məğlubiyyətdən (0:1) sonra baş məşqçisi Dorival Juniorun istefaya göndərildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, komandanın 2026-cı il mövsümündəki qələbəsizlik seriyası ardıcıl doqquz oyuna çatıb. Hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşan “Korintians” aşağı liqaya düşmə zonasından cəmi iki xal öndədir. 63 yaşlı Dorival Junioru müvəqqəti olaraq U-20 komandasının məşqçisi Uilyam Batista əvəz edəcək.
İstefaya göndərilən mütəxəssisin müqaviləsi 2026-cı il dekabrın 31-nə qədər nəzərdə tutulmuşdu. 2025-ci ilin aprelində komandaya gələn Dorival Juniorun rəhbərliyi altında “Korintians” keçirdiyi 63 matçda 26 qələbə qazanıb, 19 heç-heçə edib və 18 məğlubiyyət alıb.
Dorival Junior əvvəllər Braziliya milli komandası ilə yanaşı, “San-Paulu”, “Flaumenqo”, “Seara”, “Atletiko Paranaense”, “Santos”, “Palmeyras”, “Fluminense”, “Vasko da Qama”, “İnternasional”, “Atletiko Mineyro”, “Kuritiba”, “Kruzeyro”, “San-Kaetanu”, “Avai”, “Sport Resifi”, “Juventude”, “Krisiuma”, “Fortaleza”, “Figeyrense” və “Ferroviariya” klublarında da çalışıb.