DR Konqo prezidenti mundiala vəsiqə qazanan milliyə dəyərli hədiyyələr vəd edib
DR Konqo Prezidenti Feliks Çisekedi milli komandanın son 52 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazanması münasibətilə futbolçu və məşqçi heyətinə dəyərli hədiyyələrin veriləcəyini elan edib.
Operativ Media xəbər verir ki, yığmanın üzvləri yeni "Jeep" avtomobilləri, böyük məbləğdə pul mükafatları və geniş torpaq sahələri ilə təltif olunacaqlar.
Qeyd edək ki, DR Konqo yığması tarixində cəmi ikinci dəfə dünya çempionatında iştirak hüququ əldə edib. Afrika təmsilçisi pley-off mərhələsinin finalında Yamayka komandasına qarşı keçirdiyi oyunda, əlavə vaxtda vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanaraq bu tarixi uğura imza atıb.
DR Konqo millisi dünya çempionatının "K" qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya yığmaları ilə mübarizə aparacaq. Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Xatırladaq ki, bu, 48 komandanın iştirak edəcəyi ilk dünya çempionatı kimi tarixə düşəcək.