Menyu

Rumıniya millisində Luçeskunu "Qalatasaray"ın əfsanəsi əvəzləyəcək

Operativ Media
Rumıniya millisində Luçeskunu "Qalatasaray"ın əfsanəsi əvəzləyəcək

Rumıniya milli komandasında Mirça Luçesku ilə yollar ayrıldıqdan sonra baş məşqçi postuna Qeorqe Hacinin gətiriləcəyi gözlənilir.

Operativ Media xəbər verir ki, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu ilə Haci arasında görüş keçirildiyi və tərəflərin müqavilə detalları barədə razılığa gəldiyi iddia olunur.

Rumıniya mətbuatının "Fanatik" nəşrinə istinadən verdiyi məlumata görə, Qeorqe Haci milli komandanın sabiq baş məşqçisi Luçesku ilə eyni məbləğdə maaş alacaq. Federasiya ilə aylıq 27 min avroya razılaşan Hacinin illik qazancının 324 min avro olacağı bildirilir.

Xəbərdə 61 yaşlı mütəxəssisin müqaviləsində performans bonuslarının da nəzərdə tutulduğu qeyd olunub. Belə ki, Rumıniya yığması AVRO-2028-ə vəsiqə qazanacağı təqdirdə Haci əlavə 300 min avro, 2030-cu il Dünya Çempionatına qatılacağı halda isə 500 min avro bonus əldə edəcək. Təcrübəli məşqçinin performans bonuslarının illik maaşından yüksək olması diqqət çəkən məqamlardan biridir.

Rəsmi müqavilə imzalandıqdan sonra komandanın sükanı arxasına keçəcək Hacinin ilk sınağı iyunun 2-də Tbilisidə Gürcüstan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşü olacaq.

Əlaqəli Xəbərlər