Fransada futbol matçında 24 qırmızı vərəqə göstərildi
Fransanın həvəskar futbolunda görünməmiş hadisə baş verib.
Operativ Media goal.com-a istinadən xəbər verir ki, Morbian departamentində keçirilən regional derbi kütləvi dava, polisin müdaxiləsi və eyni anda 24 qırmızı vərəqənin göstərilməsi ilə tam xaosa çevrilib. Bu insident yerli futbol tarixinə "qara ləkə" kimi düşüb.
Regional ikinci liqa çərçivəsində "Avenir de Guilliers" və "Indépendant de Mauron" komandaları arasında keçirilən və 2:2 hesabı ilə başa çatan matçda hər şey normal axarında davam edirdi. Lakin final fiti xaosun yeni mərhələsinin başlanğıcı olub. İki komandanın azarkeşləri arasında başlayan mübahisə qısa müddətdə oyunçuların və bir valideynin də qatıldığı kütləvi davaya çevrilib.
"Ouest-France" qəzetinin məlumatına görə, "Mauron" komandasının oyunçularından birinin atası oğlunu müdafiə etmək üçün meydana daxil olub. Bu, qarşıdurmanı daha da şiddətləndirib. İştirakçılar arasında əlbəyaxa dava başlayıb, baş nahiyəsinə zərbələr endirilib və meydanda böyük panika yaranıb.
Vəziyyəti nəzarətə götürmək üçün hakim ən kəskin tədbirə əl ataraq, matçda iştirak edən 27 oyunçudan 24-nə ("Guilliers"dən 13, "Mauron"dan 11 nəfər) qırmızı vərəqə göstərib. Bu, Fransa meydanlarında indiyədək görünməmiş bir mənzərədir.
Şahidlərin sözlərinə görə, dava zamanı bəzi iştirakçılar dəyənəklərdən də istifadə ediblər. Milli Jandarmeriya hadisə yerinə gələrək vəziyyəti nəzarətə götürənə qədər qarşıdurma artıq səngimək üzrə idi. Regional İntizam Komitəsinin yaxın günlərdə məsələyə baxacaq və hər iki klubu ağır sanksiyaların gözlədiyi bildirilir.