Antonio Konte İtaliya millisini çalışdıracaq?
"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya millisinə mümkün təyinatı ilə bağlı danışıb.
Operativ Media xəbər verir ki, o, bu haqda "La Repubblica" nəşrinə açıqlama verib.
"Əgər İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti olsaydım, öz namizədliyimi nəzərdən keçirərdim. Lakin müqaviləmin bitməsinə hələ bir il var, daha sonra Aurelio De Laurentislə görüşəcəyəm. Unutmayaq ki, ötən mövsümün son üç ayında da "Yuventus"a gedəcəyim deyilirdi, yoxsa yanılıram? Medianın mənim adımı namizədlər arasında çəkməsi normaldır. Mən artıq millidə çalışmışam, bu mühitə bələdəm. Ölkəni təmsil etmək qürurvericidir, lakin hazırda vəziyyətim bəllidir. Bütün diqqətimizi "Napoli"yə ayırmışıq, mövsümün sonunda prezidentlə görüşəcəyik.
Məni kədərləndirən odur ki, əgər dünya çempionatına vəsiqə qazansaydıq, hər kəs İtaliya futbolunun yüksəlişindən və əla vəziyyətdə olmasından danışacaqdı – futbolun necə qurulduğunu anlamağınız üçün bunu deyirəm. Bu, turnirdən kənarda qaldığımız ilk hal deyil. Hesab edirəm ki, üç uğursuzluqdan sonra həqiqətən ciddi addımlar atılmalıdır. Mən millinin başında olanda çox danışırdılar, lakin mənə çox az kömək edildi", — deyə Konte qeyd edib.
Xatırladaq ki, mart ayında italyanlar DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzaraq ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıblar. Aprelin əvvəlində isə Cennaro Qattuzonun yığmanın baş məşqçisi postundan qovulduğu məlum olub.
Antonio Konte 2014-2016-cı illərdə İtaliya yığmasına rəhbərlik edib.