"Arsenal"ın sabiq uelsli futbolçusu karyerasını bitirdi
“Arsenal”ın və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi karyerasını başa vurub.
Operativ Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.
“Bu qərarı vermək mənim üçün asan olmadı. Uzun düşüncələrdən sonra futboldan getməyə qərar verdim. İlk növbədə, Uelsdən başlamaq istəyirəm. Uels yığmasının formasını geyinmək və komanda ilə birlikdə bu qədər inanılmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Rəhbərliyi altında çalışdığım bütün məşqçilərin və mənə hər cəhətdən dəstək olan heyətin əvəzsiz töhfəsi olmadan buna nail ola bilməzdim.
İkinci olaraq, formasını geyindiyim bütün klublara təşəkkür edirəm. Xəyalımı gerçəkləşdirib ən yüksək səviyyədə çıxış etməyimə kömək edən bütün məşqçilərə və texniki heyətə minnətdaram.
Həmçinin həyat yoldaşıma, uşaqlarıma və bütün ailəmə böyük təşəkkürümü bildirirəm. Əgər bu müddət ərzində yanımda olmasaydınız, bunların heç biri mümkün olmazdı”, — deyə Remzi qeyd edib.
35 yaşlı uelsli futbolçunun son klubu 2025-ci ilin oktyabrında ayrıldığı Meksikanın “Pumas” komandası olub. Remzi karyerası ərzində “Kardiff”, “Nitsa”, “Reyncers”, “Yuventus”, “Arsenal” və “Nottingem Forest” kimi klublarda da çıxış edib.
Yarımmüdafiəçi üç dəfə İngiltərə Kuboku və Superkubokunun qalibi olub. O, həmçinin bir dəfə İtaliya çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanıb, bir dəfə isə Şotlandiya Kubokuna sahib çıxıb.
Uels millisinin heyətində 86 oyun keçirən Remzi 21 qol vurub. O, milli komanda tarixində ən çox oyun keçirən futbolçular siyahısında 6-cı yeri bölüşdürür, yığmanın ən yaxşı bombardirləri siyahısında isə 6-cı pillədə qərarlaşıb.