Plastik qapı və pəncərələr dəm qazı riskini artırır? – Təhlükəsizlik qaydaları
Müasir evlərdə plastik (PVC) qapı və pəncərələrin geniş yayılması komfort və enerji qənaəti baxımından üstünlük yaratsa da, bu dəyişiklik təhlükəsizlik məsələlərinə də birbaşa təsir edir. Əvvəllər istifadə olunan taxta qapı və pəncərələr müəyyən qədər hava keçirdiyi üçün ev daxilində təbii havalandırma mövcud olurdu. Lakin hermetik plastik sistemlər bu hava dövranını minimuma endirir və nəticədə qazların, xüsusilə də dəm qazının, qapalı məkanda toplanma riskini artırır. Buna görə də plastik qapı və pəncərə ilə təchiz olunmuş evlərdə qaz təhlükəsizliyi mövzusu daha da акtuallaşır və xüsusi yanaşma tələb edir.
Mövzu ilə bağlı Operativ Media-ya təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev danışıb.
O bilidirib ki, ev şəraitində istifadə olunan plastik (PVC) qapı və pəncərə sistemləri tam hermetik olur. Bu sistemlər istilik itkisini azaltsa da, eyni zamanda təbii havalandırmanı, yəni hava sirkulyasiyasını demək olar ki, sıfıra endirir:
"Halbuki əvvəllər istifadə olunan taxta qapı və pəncərələrdə müəyyən qədər hava keçidi olurdu və bu da qazın yığılma riskini azaldırdı.
Bu gün geriyə taxta sistemlərə qayıtmaq real və geniş yayılmış seçim deyil. İnsanlar haqlı olaraq daha müasir, daha komfortlu həllərə üstünlük verirlər. Amma problem də məhz burada başlayır. Müasir sistem varsa, müasir qorunma üsulları da mütləq olmalıdır.
Ən sadə və effektiv həllərdən biri qaz detektorlarının istifadəsidir. Bu cihazlar bazarda əlçatan qiymətə (təxminən 20–30 manat arası) mövcuddur və qaz sızması baş verdikdə səsli siqnal vasitəsilə dərhal xəbərdarlıq edir. Bu xəbərdarlıq insanın vaxtında reaksiya verməsinə, məkanı tərk etməsinə və zəhərlənmənin qarşısını almağa imkan yaradır.
Burada vacib bir məqam da var: dəm qazı (karbonmonoksid) və metan fərqli qazlar olsa da, hər ikisi potensial olaraq ölümcül risk daşıyır. Ona görə də məsələni “hansı daha təhlükəlidir” kimi deyil, ümumilikdə “qaz təhlükəsizliyi” kimi qiymətləndirmək lazımdır.
Əgər biz hermetik, müasir ev sistemlərini seçiriksə, paralel olaraq təhlükəsizlik tədbirlərini də eyni səviyyədə gücləndirməliyik. Havalandırma, düzgün quraşdırma və qaz detektorları artıq seçim yox, zərurətdir”.