Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turniri başa çatıb
Görkəmli ictimai-siyasi xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunan III beynəlxalq şahmat turniri keçirilib.
Operativ Media xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, “Nəfəs” İctimai Birliyi və “Məmmədyarovlar” Şahmat Mərkəzinin birgə təşkilatçılığı ilə 24–30 avqust tarixlərində keçirilən turnirin bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Məmmədyarovlar” Şahmat Mərkəzinin rəhbəri Zeynəb Məmmədyarova, Qənirə Paşayevanın ailə üzvləri və digərləri iştirak edib.
Bağlanış mərasimində əsas kateqoriya ilə yanaşı, 8, 10, 12 və 14 yaş qrupları üzrə oğlan və qız şahmatçılar da qalib yerlərə görə mükafatlandırılıb. Qaliblərə pul mükafatları, kubok, medal və diplomlar təqdim olunub.
Yekun nəticədə Atilla Cabbarlı yarışın qalibi adını qazanıb. Xanimzar Hümbətli ikinci, Səid Əlizadə isə üçüncü yeri tutub. Müxtəlif yaş kateqoriyasında Mustafa Maqsudsoy, Azad Xuduzadə, Kamran Babayev, Cavad Mürsəlzadə, Amina Amanzadə, Əsra Nəsibli, Alsu Mehtiyeva və Leyla Hümbətli birinci olub.
Qeyd edək ki, III Beynəlxalq Reytinqli Şahmat Turniri “Nəfəs” İctimai Birliyinin baş sponsorluğu ilə keçirilib.