Menyu

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti təqdim olunub

Operativ Media
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti təqdim olunub

Şəmkirçay su anbarında suyun daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarı 714 400 hektar kənd təsərrüfatı ərazisinin suvarılması ilə yanaşı, qərb bölgəsində yaşayan əhalinin içməli su təchizatını da təmin edir.

Operativ Media xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Su anbarının yaxınlığında məhsuldarlığı saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi fəaliyyət göstərir. Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi 2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib.

Layihəyə əsasən qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur. Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib.

Sutəmizləyici Qurğular Kompleksinin rəisi Namiq Məmmədov bildirib ki, Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksində emal olunan su qurğuda layihələndirilmiş 7 ədəd qum süzgəcindən keçir: "Qum süzgəcinin daxili də kvars qumundan və fraksiyalardan ibarətdir. Hər bir süzgəcin süzmə qabiliyyəti saatda 800 kubmetrdir. Ümumi gücü isə saatda 5600 kubmetrdir. Emal olunan su qum süzgəcindən və təkrar zərərsizləşmədən keçərək anbarlara toplanır və tələbatçılara verilir. Süzgəclərdə 72 saatdan bir geriyuma prosesi aparılır. Proses SCADA sistemi vasitəsilə avtomatik idarə olunur. Suyun təhlükəsizliyinin təmin olunması məqsədilə kompleksdə zərərəsizləşdirmə məntəqəsi inşa edilib, burada 4 ədəd dozalama avadanlığı, 3 ədəd nasos və analizator quraşdırılıb. Suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur".

Namiq Məmmədov SCADA sistemi haqqında ətraflı məlumat verərək bildirib ki, bu sistem vasitəsilə geriyuma prosesinə, suyun texniki parametrlərinə və eləcə də qurğunun ən əsas vacib olan enerji sisteminə nəzarət olunur: "Enerji sistemi də avtomatik sistemdir".

Emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər reqlamentə uyğun olaraq yuyulur. Bu məqsədlə qurğuda 3 ədədi işlək və biri ehtiyat olmaqla məhsuldarlığı saatda 1500 kubmetr olan su nasosları və ümumi gücü saatda 6600 kubmetr olan 2 ədəd kompressor quraşdırılıb.

Şəmkirçay sutəmizləyici qurğusunda emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün isə Gəncə su anbarından şəhərə 10 kilometr magistral su kəməri inşa edilib. Bu kəmərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 17,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Sutəmizləyici qurğudan Gəncə, Şəmkir və Samux şəhərlərinə suyun verilməsi təmin olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər