Azərbaycanda torpaqların konsolidasiyası başlayır – İlk layihə 19 kəndi əhatə edəcək
Azərbaycanda torpaqların konsolidasiyası üzrə ilkin layihənin Salyan və Qəbələ rayonlarında 19 kəndi və ümumilikdə 20 min hektar ərazini əhatə etməsi nəzərdə tutulur.
Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, torpaqların konsolidasiyası ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklər bu mexanizmin tətbiqi üçün hüquqi əsas yaradıb. Hazırda Salyan və Qəbələ rayonlarında ilkin planlaşdırma işləri aparılır.
Məcnun Məmmədov bildirib ki, layihə çərçivəsində 19 kənddə ümumilikdə 20 min hektar ərazinin əhatə olunması planlaşdırılır.
Nazir qeyd edib ki, Azərbaycan bu sahədə Türkiyənin təcrübəsini öyrənir. Bu məqsədlə qarşılıqlı səfərlər təşkil olunub və Türkiyəli mütəxəssislər layihənin həyata keçiriləcəyi Qəbələ və Salyan rayonlarında ərazilərə baxış keçiriblər.
Onun sözlərinə görə, hazırda ilkin planlaşdırma mərhələsidir. Planlaşdırma işləri başa çatdıqdan sonra sahə işlərinə başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, 2026–2030-cu illər üçün Dövlət Proqramında Qəbələ və Salyanda 20 min hektar sahədə torpaqların konsolidasiyası və təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması nəzərdə tutulub.
dəqiqələr içində saytın olsun.