Menyu

Viral olmaq xatirinə ölümə meydan oxuyanlar: Sosial şəbəkələrin təhlükəli trendləri - TƏHLİL

Ayşən Sadıxzadə
Viral olmaq xatirinə ölümə meydan oxuyanlar: Sosial şəbəkələrin təhlükəli trendləri - TƏHLİL

Sosial şəbəkələrdə daha çox baxış və izləyici toplamaq istəyi bəzi istifadəçiləri getdikcə daha riskli davranışlara sövq edir. Xüsusilə TikTok kimi qısa videoların sürətlə yayıldığı platformalarda avtomobil idarə edərkən təhlükəli manevrlər etmək, hündür binalarda riskli hərəkətlərə yol vermək, ictimai yerlərdə təhlükəli görüntülər yaratmaq və hətta özünün və başqalarının həyatını riskə atmaq kimi davranışlara tez-tez rast gəlinir. Belə videoların qısa müddətdə minlərlə, hətta milyonlarla baxış toplaması isə bu davranışların təkrarlanmasına və sosial şəbəkə trendinə çevrilməsinə şərait yaradır.

Mövzu ilə bağlı Operativ Media-ya danışan media eksperti Azər Həsrət bildirib ki, problem yalnız TikTok-la məhdudlaşmır.

Onun sözlərinə görə, sosial platformalarda ciddi və maarifləndirici məzmunlar əksər hallarda qeyri-adi və təhlükəli görüntülərlə müqayisədə daha az maraq doğurur:

“Ümumiyyətlə, təkcə TikTok deyil, bütün sosial platformalarda daha ciddi məzmuna o qədər də çox baxış toplamaq olmur. Amma qeyri-adi, təsadüfi, hətta heç nəyə dəxli olmayan, əslində cəmiyyətin maarifləndirilməsi baxımından dəyəri sıfır olan, lakin təhlükəli anları əks etdirən məzmuna baxış sayı çox olur.

Təhlükəli görüntülər insanları çox cəlb edir. Ümumiyyətlə, insanlar emosiya axtarır, insanlar həyəcan axtarır. Hər kəs hər zaman belə ağıllı-başlı danışan adamları dinləmək istəmir. Ona görə də bu cür trendlər daha önə çıxır.

Çox təəssüflə qeyd etməliyik ki, bu cür təhlükəli görüntüləri çəkib paylaşmaq əslində cəmiyyəti təhlükəyə sürükləməyə xidmət edir. Yəni insanlar o cür təhlükəli vəziyyətləri görür, xüsusən də gənclər, yeniyetmələr düşünürlər ki, qoy mən də bunu təkrarlayım. Təkrarlayarkən də bədbəxt hadisələrin baş verməsi haqqında məlumatlar az deyil”.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərovun sözlərinə görə, son illərdə sosial media platformaları cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

"Müasir dövrdə fərqli yaş qruplarından olan insanlar müxtəlif sosial şəbəkələrdən istifadə edərək ünsiyyət saxlayır, məlumat paylaşır və gündəlik xəbərləri sürətli şəkildə əldə edirlər. Tiktok bu kontekstdə öz sürətli inkişafı, qısa və yaradıcı video formatı, innovativ imkanları ilə milyonlarla istifadəçinin diqqətini cəlb edən lider platformalardan birinə çevrilmişdir.

Sosial şəbəkələrdə hər gün yeni trend və çağırışlar meydana çıxır. Onların bir qismi əyləncə xarakteri daşısa da, bəziləri insanların sağlamlığına və hətta həyatına ciddi təhlükə yaradır.

İnsanların bu cür çağırışlara qoşulmasının əsas səbəblərindən biri sosial təsdiq ehtiyacıdır. Xüsusilə yeniyetmələr həmyaşıdları tərəfindən qəbul edilmək, populyarlıq qazanmaq və daha çox izləyici toplamaq üçün riskli davranışlara meyl göstərə bilirlər. Bəyənmə və şərhlər beyində mükafat hissi yaratdığı üçün bu davranış təkrar oluna bilir.

Təhlükəli trendə qoşulanların əhəmiyyətli hissəsi onun doğura biləcəyi nəticələri tam dərk etmir.

Sosial şəbəkələrdə videoların uğurlu tərəfləri nümayiş etdirilir, uğursuz və ağır nəticələrlə bağlı görüntülər isə ya paylaşılmır, ya da geniş yayılmır. Bu da istifadəçilərdə təhlükənin olduğundan daha az olduğu təəssüratı yaradır. Bəzi hallarda insanlar trendin təhlükəli olduğunu bilsələr də, kənarda qalmamaq və dostlarından geri qalmamaq üçün onu təkrarlayırlar. Psixologiyada bu davranış “qrup təsiri” və “qaçırmaq qorxusu” (FOMO) kimi izah olunur. İnsan özünü sosial mühitdən təcrid olunmuş hiss etməmək üçün riskə getməyə razı olur.

Son illər müxtəlif ölkələrdə təhlükəli sosial şəbəkə çağırışları nəticəsində xəsarət alan, zəhərlənən, hətta həyatını itirən şəxslərlə bağlı hadisələr də qeydə alınıb. Buna görə bir sıra platformalar təhlükəli trend və çağırışları silmək, axtarış nəticələrini məhdudlaşdırmaq və istifadəçiləri xəbərdar etmək istiqamətində tədbirlər görür.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə- fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Kimisə təhqir etmək isə, inzibati deyil, cinayət məsuliyyətinə səbəb olur.

Belə ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Psixoloq Leyla Əli isə bildirib ki, bəzi hallarda insan təhlükəli hərəkəti etməklə deyil, onu başqalarına göstərməklə diqqət qazanmağa çalışır.

Onun sözlərinə görə, sosial mediada baxış sayı, bəyənmə və şərhlər insan üçün mükafat rolunu oynaya və daha çox diqqət çəkmək üçün riskli davranışların təkrarlanmasına səbəb ola bilər:

“TikTok kimi sürətlə yayılan platformalarda təhlükəli davranışların “trend” adı altında təqdim edilməsi bu prosesi daha da gücləndirir. Bir şəxsin etdiyi riskli hərəkət qısa müddətdə minlərlə insana çata və xüsusilə yeniyetmələr tərəfindən təqlid oluna bilər.

Xüsusilə yeniyetməlik dövründə həmyaşıdlarının təsiri, qəbul olunmaq və özünü təsdiqləmək ehtiyacı daha güclü olur. Bu zaman yeniyetmə təhlükənin nəticələrini tam düşünmədən “mən də bacararam”, “mən də bunu etsəm, diqqət çəkərəm” düşüncəsi ilə hərəkət edə bilər.

Burada əsas motivasiya hər zaman təhlükəni sevmək deyil. Bəzən məqsəd sadəcə fərqlənmək, diqqət mərkəzində olmaq və sosial təsdiq qazanmaqdır. Video nə qədər çox baxış toplasa, həmin davranış bir o qədər “uğurlu” görünə və insanı daha riskli hərəkətlərə sövq edə bilər.

Digər tərəfdən, sosial mediada təhlükəli davranışların geniş yayılması onların normal və təhlükəsiz olduğu illüziyası yaradır. İnsan ekranda yalnız bir neçə saniyəlik görüntünü görür, lakin həmin davranışın real həyatda yarada biləcəyi xəsarət və digər nəticələr videoda görünməyə bilər.

Bu məsələdə valideynlərin yanaşması da böyük əhəmiyyət daşıyır. Yeniyetməyə yalnız “TikTok-a baxma” demək əvəzinə, onu riskli davranış nümayiş etdirməyə nəyin sövq etdiyini anlamaq daha vacibdir. Diqqətə, qəbul olunmağa və özünü göstərməyə olan ehtiyac sağlam yollarla qarşılanmalıdır.

Bir neçə saniyəlik video və yüzlərlə baxış insanın sağlamlığından daha dəyərli deyil. Viral olmaq təhlükəli davranışı nə doğru, nə də təhlükəsiz edir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər