Yaponiyada hakim partiyanın rəhbərliyində dəyişikliklər olacaq
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) rəhbərliyində sentyabrın 16-da, hökumətin tərkibində isə sentyabrın 17-də kadr dəyişiklikləri aparılacaq.
Operativ Media xəbər verir ki, bunu LDP-nin baş katibi Şuniçi Suzuki mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, dəyişikliklər hökumətin siyasətinin daha səmərəli həyata keçirilməsi məqsədi daşıyır.
Gözləntilərə əsasən, LDP-nin hazırkı rəhbərliyinin bir çox üzvü, o cümlədən baş katib Şuniçi Suzuki vəzifəsini qoruyacaq. Suzuki Liberal Demokratlar arasında nüfuzlu Taro Asonun həyat yoldaşının qardaşıdır. Aso 2025-ci ildə Sanae Takaçinin LDP sədri və baş nazir seçilməsinə fəal dəstək verib.
Takaçinin 2025-ci ildə LDP sədri seçkilərində rəqibləri olmuş şəxsləri də yüksək vəzifələrdə saxlamağı planlaşdırdığı bildirilir. Bunlar müdafiə naziri Şinjiro Koizumi, xarici işlər naziri Toşimitsu Motegi və LDP-nin siyasi şurasının rəhbəri Takayuki Kobayaşidir.
Məlumata görə, həmin şəxslər 2027-ci ildə də Takaçiyə ciddi rəqib ola bilərlər. Onların rəhbərlik strukturunda saxlanılmasının fəaliyyət imkanlarını məhdudlaşdıra və Takaçinin alternativsiz şəkildə yenidən seçilməsinə səbəb ola biləcəyi ehtimal edilir.
İnzibati işlər və kommunikasiyalar naziri Yoşimaşa Hayaşinin gələcək vəzifəsi isə hələlik sual altındadır. O, LDP sədri postu uğrunda mübarizəni davam etdirəcəyini dəfələrlə bildirib.
"Kyodo" agentliyinin məlumatına görə, yeni hökumətin tərkibində hakim LDP-nin tərəfdaşı olan Yaponiya Yenilənmə Cəmiyyəti partiyasının nümayəndəsinə də yer verilə bilər. Bu partiyanın baş katibi Hiroşi Nakatsuke nazir vəzifələrindən birini tuta bilər.
dəqiqələr içində saytın olsun.