Nazir müavini: "Subsidiya heyvan sayının artırılması üçün deyil, otlaqların yaxşılaşdırılması üçündür"
Xırdabuynuzlu heyvandarlıq üzrə subsidiyanın məqsədi heyvan sayının artırılması deyil, istifadə olunan örüş və otlaqların yaxşılaşdırılmasıdır.
Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, subsidiyanın hesablanması müəyyən məntiqə əsaslanır və ayrılan vəsait konkret olaraq heyvan alınması və xırdabuynuzlu heyvanların sayının artırılması üçün nəzərdə tutulmayıb.
Nazir müavininin sözlərinə görə, xırdabuynuzlu heyvandarlıqda ekstensiv və yarıintensiv təsərrüfatların inkişafı dəstəklənir. Bu sahədə əsas məsələlərdən biri isə yem bazasının vəziyyətidir.
“2 milyon hektarın üzərində örüş və otlağımız olduğunu qeyd edirik. Amma real ifadədə istifadə edilə bilən həcmdə və ya biomüxtəlifliyi, yəni yem bazası həqiqətən xırda buynuzlu heyvanın bəslənməsinə xidmət edə biləcək şəkildə olan örüşümüz nə qədərdir? Bu kifayət qədər deyil”, - deyə İlhamə Qədimova bildirib.
O qeyd edib ki, son illərdə iqlim dəyişiklikləri örüş və otlaqlarda biomüxtəlifliyin azalmasına təsir göstərir.
Qədimova bildirib ki, subsidiya fermerlərin istifadə etdiyi və ya icarəyə götürdüyü örüş və otlaqların yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu vəsait hesabına müəyyən toxumların alınması və səpilməsi, eləcə də digər yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi mümkün olacaq.
Nazir müavini vurğulayıb ki, dövlət bu xərcləri kiçik fermerlərin üzərinə tam şəkildə qoymaq istəmir. Subsidiya həmin xərclərin bir hissəsini qarşılayacaq.
“Bəlkə də doğru izah aparmadıq və ya bir az səhv ifadə edildi ki, ictimaiyyət bunu ‘böyük təsərrüfatları dəstəkləyirik’ kontekstində başa düşdü. Xeyr, bu, yem bazalarının yaxşılaşdırılması məqsədilə qoyulan subsidiyadır”, - deyə İlhamə Qədimova əlavə edib.
dəqiqələr içində saytın olsun.