Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımlarla bağlı açıqlama yayıb
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan materiallarla bağlı açıqlama yayıb.
Operativ Media xəbər verir ki, Mərkəz bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı münasibətlərə dair qərəzli və məqsədyönlü materialların yayıldığını bildirib.
Açıqlamada qeyd olunub ki, həmin paylaşımlar Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini hədəf alır.
Mərkəzin bildirdiyinə görə, bu materiallar iki ölkə arasındakı münasibətlərə zərər vurmağa, həmçinin regional sülh və sabitliyi pozmağa yönəlmiş manipulyasiya cəhdləridir.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı şəkildə davam etdirirlər. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq”, – açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıb.