Kimya sənayesində təhlükəsizlik riskləri necə önlənir? - Mütəxəssis danışır
“Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” (SƏTƏMM) sistemi kimya sənayesində istehsalat risklərinin azaldılması, işçilərin sağlamlığının qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Operativ Media xəbər verir ki, bunu SƏTƏMM üzrə mütəxəssis Səbinə Yusubova bildirib.
Onun sözlərinə görə, kimya müəssisələrində yüksək temperatur və təzyiq, zəhərli və yanıcı maddələr, yanğın və partlayış riskləri mövcuddur. Təhlükəsizlik qaydalarının pozulması insan həyatı, istehsalatın fasiləsizliyi və ətraf mühit üçün ciddi nəticələrə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, SƏTƏMM sisteminin əsas məqsədi hadisələrin nəticələrini aradan qaldırmaq deyil, təhlükələri əvvəlcədən müəyyənləşdirmək, riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görməkdir.
O bildirib ki, kimya müəssisələrində işçilər turşu və qələvilərlə təmas nəticəsində kimyəvi yanıqlar, xlor, ammonyak və hidrogen-sulfid kimi qazların təsirindən zəhərlənmə, habelə həlledici buxarlarının uzunmüddətli təsiri ilə üzləşə bilərlər. Yüksək temperatur və təzyiqlə işləyən avadanlıqlar, səs-küy və vibrasiya da sağlamlıq üçün risk yaradır.
Səbinə Yusubovanın sözlərinə görə, bu risklərin qarşısının alınması üçün texniki, təşkilati və tibbi-profilaktik tədbirlər görülməlidir.
O, hidrogen, metan, etilen, propan və müxtəlif üzvi həlledicilərin müəyyən konsentrasiyalarda hava ilə partlayıcı qarışıqlar yarada biləcəyini vurğulayıb. Buna görə qaz və buxar konsentrasiyasına nəzarət, qaz analizatorlarının quraşdırılması, avadanlıqların torpaqlanması, partlayışdan mühafizəli elektrik avadanlıqlarından istifadə, yanğın siqnalizasiya və avtomatik söndürmə sistemlərinin tətbiqi vacibdir.
Mütəxəssis əlavə edib ki, təhlükəli ərazilərdə alov və qığılcım yarada biləcək işlər ciddi nəzarətdə saxlanılmalıdır.
O, SƏTƏMM-in yalnız normativ tələblərin yerinə yetirilməsi deyil, həm də müəssisələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və davamlı inkişafın təmin olunmasına xidmət edən idarəetmə sistemi olduğunu bildirib.