Bayram günlərində işləyən şəxslərə əlavə əməkhaqqı necə hesablanmalıdır?
Bayram və rəsmi qeyri-iş günlərində işləmək bəzi sahələrdə çalışan şəxslər üçün zərurətə çevrilir. Lakin bu günlərdə işə cəlb olunan əməkdaşların əməkhaqqının hesablanması adi iş günlərindən fərqlənir. Bəs bayram günlərində işləyənlərə nə qədər əlavə ödəniş edilməlidir və bu məbləğ hansı qaydada hesablanır?
Mövzu ilə bağlı Operativ Media-ya hüquqşünas Əkrəm Həsənov danışıb.
O bildirib ki, bayram və digər qeyri-iş günlərində işləyən şəxslərə həmin günlərə görə əməkhaqqı ən azı ikiqat məbləğdə ödənilməlidir:
“Hesablama zamanı işçinin aylıq əməkhaqqı iş günlərinin sayına bölünərək gündəlik əməkhaqqı müəyyən edilir və həmin məbləğ iki mislinə çatdırılır.
Bu qayda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulub. Lakin burada bir məqamı nəzərə almaq lazımdır: əgər qeyri-iş günü işçinin əmək müqaviləsi üzrə iş qrafikinə düşürsə, həmin gün işlədiyi üçün ona ikiqat əməkhaqqı ödənilməlidir. Məsələn, həftədə beş gün işləyən şəxsin iş qrafikinə düşən gün bayram və ya qeyri-iş günü elan olunubsa, həmin günə görə ödəniş müvafiq qaydada ikiqat hesablanır”.