Menyu

Tək yaşayan yaşlı insanların sosial müdafiəsi necə təmin olunur?

Ayşən Sadıxzadə
Tək yaşayan yaşlı insanların sosial müdafiəsi necə təmin olunur?
2 dəq oxu

Azərbaycanda tənha yaşayan və sosial dəstəyə ehtiyacı olan ahıllara evdə, stasionar müəssisələrdə və günərzi qayğı mərkəzlərində sosial xidmət göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tənha yaşayan və sosial dəstəyə ehtiyacı olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, gündəlik ehtiyaclarının qarşılanması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlar müxtəlif sosial xidmətlərə cəlb edilirlər.

Qeyd olunub ki, evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan, sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə göstərilir.

Bu xidmət respublikanın bütün regionlarını əhatə edir. Bakı şəhəri, Abşeron rayonu və Qarabağ iqtisadi rayonunda DOST mərkəzləri, digər şəhər və rayonlarda isə Sosial Xidmətlər Agentliyi vasitəsilə həyata keçirilir.

Bildirilib ki, sosial xidmətçilər vətəndaşların evlərinə gedərək ev təsərrüfatının idarə olunmasında, əsas tələbat mallarının alınmasında və digər gündəlik işlərdə onlara kömək edirlər. Sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində dəstək göstərirlər.

Hazırda Agentlik tərəfindən 3006 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb olunub. Onların 2149-u tənha olmaqla, ümumilikdə 2787 nəfəri ahıl şəxslərdir.

Bundan başqa, Agentliyin Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı insanlara stasionar formada xidmət göstərilir. Müəssisədə sakinlərin fərdi ehtiyacları nəzərə alınmaqla sosial iş və sosial reabilitasiya tədbirləri həyata keçirilir. Onlar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin olunurlar.

Hazırda müəssisədə dövlət himayəsində 211 ahıl şəxs yaşayır. Onlardan 106-sı kişi, 105-i qadındır.

Eyni zamanda, Agentliyin sosial sifarişləri əsasında ölkənin 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuzda yerləşən bu mərkəzlərdə tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Layihə çərçivəsində 200 ahıl sosial xidmətlə əhatə olunur.

Məlumata görə, ahıl şəxslərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müəssisədə müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar təşkil edilir. Həmçinin onların idman yarışlarında, gimnastika məşğələlərində və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin olunur.

Əlaqəli Xəbərlər