Rusiya XİN Estoniyaya etiraz edib
Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuhtegi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin bəyanatında deyilir.
Ona Rusiyaya qarşı irəli sürülən ittihamlarla və Estoniya hakimiyyətinin dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə əlaqədar etiraz bildirilib.
Moskva, həmçinin Tallini Kiyevi dəstəkləməkdə və Ukraynaya məxsus pilotsuz aparatların uçuşu üçün öz hava məkanını təqdim etməkdə ittiham edib.
Bundan başqa, Estoniyanın Baltik dənizindəki hərəkətlərindən narahatlıq ifadə olunub. Rusiya XİN bəyan edib ki, Estoniya hakimiyyəti Rusiyaya məxsus yük gəmilərinin hərəkətinə mane olmağa çalışır.
Həmçinin oktyabr ayında Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitinə qoyulmuş qadağa xatırladılıb.
Görüş zamanı Estoniya diplomatına bildirilib ki, Rusiya milli maraqlarını və xaricdəki vətəndaşlarının qanuni hüquqlarını qorumaq üçün kompleks siyasi-diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.