Psixoloq: Uşaqlara din adı altında psixoloji təzyiq göstərilməməlidir
“Uşaqlarda dini düşüncələrin və inancların formalaşması üçün ailədaxili vəziyyəti də nəzərə almaq lazımdır. Çünki uşaqlara dinin öyrədilməsi və dinin onların psixologiyasına təsiri, ümumiyyətlə, ailədən başlayır”.
Operativ Media xəbər verir ki, bu sözləri psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalı, dini anlayışlar onlara yaşlarına uyğun şəkildə izah edilməlidir. Uşağın dinə münasibəti ilk növbədə ailədəki davranışlar, söhbətlər və münasibətlər əsasında formalaşır.
Psixoloq qeyd edib ki, valideynlərin qorxu və günahkarlıq hisslərindən istifadə edərək uşaqlara təsir göstərməyə çalışması psixoloji təzyiq yarada bilər.
“Halbuki sevgi, mərhəmət, dürüstlük və başqalarına hörmət kimi mənəvi dəyərlərin öyrədilməsi uşağın mənəvi inkişafına müsbət töhfə verə bilər”, – deyə o bildirib.
Aytən Ələkbərova vurğulayıb ki, uşaqların sərbəst düşüncəsinin formalaşması da mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, uşaqların suallarına təzyiq göstərmədən cavab verilməli, düşüncələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır.
Psixoloq bəzi hallarda 18 yaşına çatmamış uşaqların baş örtüyündən istifadə etməsinin və ya dini inanclarının formalaşmasının arxasında qorxu hissinin dayana biləcəyini bildirib. O qeyd edib ki, qorxu nəticəsində formalaşan düşüncələr uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərə və onun asılı vəziyyətə düşməsinə səbəb ola bilər.
Aytən Ələkbərovanın sözlərinə görə, uşaqlarda yaranan günahkarlıq hissi də diqqətdə saxlanılmalıdır. Bəzi hallarda insan bu hisslərdən uzaqlaşmaq üçün başqa davranışlara və ya təsirlərə yönələ bilər. Burada əsas məsələ bir təsirin digəri ilə əvəz olunmasıdır.
Psixoloq hesab edir ki, uşaqlara dini inancları müəyyən yaşa çatdıqdan sonra sərbəst şəkildə dərk etmək və öz düşüncələrini formalaşdırmaq imkanı verilməlidir. O vurğulayıb ki, dinin öyrədilməsi adı altında məcburiyyətin və psixoloji zorakılığın tətbiqi uşağın psixi vəziyyətinə mənfi təsir göstərə, müxtəlif psixoloji problemlərin yaranmasına səbəb ola bilər.
