Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Operativ Media-ya verilən məlumata görə, 12-16 yaşlı idmançılar hündürlüyü 70-80 santimetr olan maneələri dəf etməkdə yarışıblar.
Birinciliyin reqlamentinə əsasən, qələbə uğrunda mübarizədə qalmaq üçün idmançılar ilk fazada vaxt nəzərə alınmadan 6 maneəni səhvsiz dəf etməli olublar. Sonrakı maneələr isə həm dəqiqliyə, həm də zamana hesablanıb. Cavid Qurbanəliyev “Burla” atı ilə 24,54 saniyə nəticə göstərərək birinciliyin qalibi olub. Melissa Gedik 27,95 saniyə nəticə ilə 2-ci, Nərgiz Abbaszadə 28,53 saniyə ilə 3-cü olub. Hər 2 idmançı uğuru “Saqamo” ləqəbli atla qazanıb. Bu idmançılar finiş xəttini cərimə balı olmadan keçiblər. İlk beşliyi “Ayla” atlı Mədinə Məmmədova və “Patent” atlı Arzu Qəmbərova qapayıb.
17-21 yaşlılar hündürlüyü 90-100 santimetr olan maneələri dəf etməkdə yarışıblar. Bu mübarizədə yalnız 3 nəfər ilkin fazanı cəriməsiz keçib. Onlardan da yalnız Samirə Baxşiyeva “Savalan MNM” atı ilə mütləq dəqiqlik göstərərək birinciliyin qalibi olub. Bu kateqoriyada Əhəd Məmmədovun “Nabat”ı 2-ci, Valeriya Roşenkonun “Fine Chocolate” atı 3-cü nəticəni göstərib.
Qaliblərə kubok, medallar, həmçinin ARAF-ın və Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.