ABŞ-nin İrana mümkün nüvə zərbəsi gündəmə gəlib
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər. Bu barədə amerikalı jurnalist Taker Karlson iddia edib.
Operativ Media xəbər verir ki, Karlson bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalistin iddiasına görə, mümkün zərbənin hədəfi İranın uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi bildirilən Pikaks dağı ola bilər. O, İsrail kəşfiyyatının bu ərazidə İranın nüvə fəaliyyəti ilə bağlı məlumatlara malik olduğunu iddia edib.
Karlsonun sözlərinə görə, obyektin yerləşdiyi ərazidə təxminən 100 metr qalınlığında müdafiə təbəqəsi olduğundan mövcud silahlarla onun məhv edilməsi mümkün deyil və nüvə zərbəsi yeganə variant kimi nəzərdən keçirilə bilər.
Jurnalist Netanyahunun İsraildə keçirilən parlament seçkilərindən sonra yaranmış mürəkkəb siyasi vəziyyət səbəbindən belə bir addımın atılmasında israr etdiyini iddia edib.
Karlson əlavə edib ki, Tramp hələlik mümkün zərbə ilə bağlı yekun qərar verməyib və müşavirləri ilə məsləhətləşmələr aparır. Onların arasında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və xüsusi nümayəndəsi Stiv Uitkoff da var. Jurnalistin məlumatına görə, hər iki şəxs İranla razılaşmanın əldə olunmasını dəstəkləyir.
Qeyd edək ki, İran daha əvvəl ABŞ Prezidentinin ölkədə yeni nüvə obyektinin mövcudluğu ilə bağlı açıqlamalarını əsassız adlandırıb.