Britaniyada kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücumlardan sonra Böyük Britaniyada pərakəndə satış müəssisələrinə xəbərdarlıq edilib.
Operativ Media “The Telegraph”a istinadla xəbər verir ki, Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi kiberhücumların qarşısını almaq məqsədilə pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq aparıldığını bildirib.
Məlumata görə, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket kiberhücumların hədəfinə çevrilib.
Bundan bir neçə həftə əvvəl isə Fransada yüzlərlə ərzaq mağazasında oxşar hadisələr qeydə alınıb.
Hakerlər supermarketlərdəki soyuducu sistemlərinə uzaqdan müdaxilə edərək temperaturu artırıblar. Bəzi hallarda temperaturun 80 dərəcəyə qədər yüksəldildiyi bildirilir.
Nəticədə böyük həcmdə ərzaq məhsulu xarab olub. Hadisələr ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.