Menyu

Valdas Dambrauskas: Çempionlar Liqasında olduğumuz üçün xoşbəxtik

Operativ Media
Valdas Dambrauskas: Çempionlar Liqasında olduğumuz üçün xoşbəxtik
2 dəq oxu

​"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqası çərçivəsində səfərdə "Vikinq"ə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

​Operativ Media xəbər verir ki, litvalı mütəxəssis qarşıdakı matçın əhəmiyyətindən, komandanın hazırkı sıx qrafikindən və səfər çətinliklərindən danışıb.

​Süni örtüklü meydançalarla bağlı müzakirələrə toxunan baş məşqçi ölkəsinin iqlim şəraitini xatırladıb:

​"Bu məsələyə münasibət bildirmək üçün özümü kifayət qədər səlahiyyətli hesab etmirəm. Bildiyim qədər, süni örtüklü meydançaların daha çox zədəyə və ya sağlamlığa zərərə səbəb olduğu sübut edilməyib. Mən Litvadan gəlirəm və orada iqlim şəraitinə görə təbii ot örtüyündə oynamağın nə qədər çətin olduğunu bilirəm. Mövsümə başlayırıq və təxminən aprelin sonuna, mayın əvvəlinə qədər süni örtüklü meydançalarda, bəzən isə qapalı zallarda oynayırıq. İqlim belədir və biz də şəraitə uyğunlaşırıq".

​Komandanın ağır təqvimindən bəhs edən Dambrauskas futbolçuların yüklənməsinə diqqət çəkib:

​"Belə sıx qrafikdə həmişə xırda zədələr və zərbələr olur. Gələn bazar günü milli komandaların fasiləsindən sonrakı ilk oyunumuzdan 28 gün keçmiş olacaq və həmin müddətdə səkkiz oyun keçirmiş olacağıq. Yəni hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyun və çoxlarının arzusudur. Çempionlar Liqasında olmayan bir çox futbolçu mənim oyunçularımın yerində olmaq istəyərdi. Biz də bu turnirdə olduğumuz üçün xoşbəxtik. Sabah üçün ən hazır və ən yaxşı vəziyyətdə olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı qərarı isə bu axşamkı məşqdən sonra verəcəyik".

​Səfər yorğunluğunun bərpa prosesinə təsirindən danışan çalışdırıcı tibbi heyətin üzərinə böyük yük düşdüyünü qeyd edib:

​"Ötən cümə çox çətin oyun keçirdik. Çətinlik təkcə oyunun özü deyil, səfərlər dədir. Dünən Norveçə beş saatlıq uçuş etdik. Əvvəlki oyunumuzdan qabaq da həmin matça qatarla altı saat yol getmişdik, sonra geri qayıtmaq üçün də altı saatlıq səfərimiz oldu. Gecə saat dörd radələrində geri çatdıq. Belə olduqda bərpa üçün vaxt çox azalır. Bədən daim yorğun olur və məşq vaxtımız da azalır. Əsas çətinlik futbolçuları mümkün qədər dinc və sağlam saxlamaqdır. Bu, həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür. Texniki hazırlığa gəlincə, düşünürəm ki, biz hazırlaşmışıq".

​Norveçə illər sonra futbol məqsədilə qayıtdığını bildirən baş məşqçi xoş təəssüratlarını bölüşüb:

​"26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Uzun vaxt keçib və bu müddətdə Norveçə yalnız indi qayıtmağıma özüm də təəccüblənirəm. Burada yenidən olmaq çox xoş və möhtəşəm hissdir. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq".

Əlaqəli Xəbərlər