Zelenskinin sabiq mətbuat katibi barəsində cinayət işi açılıb
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq prezident Volodimir Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendel barəsində cinayət işi açıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, Mendel Ukraynaya qarşı informasiya-təxribat fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinir.
Ona Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb. Bunlar hərbi vəziyyət dövründə dövlətə xəyanət, eləcə də Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaq və onun iştirakçılarını təbliğ etməkdir.
Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, Mendel ictimai çıxışlarında və sosial şəbəkə paylaşımlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışıb, həmçinin Rusiyanın müharibəsinə haqq qazandırıb.
Hazırda Ukraynadan kənarda olduğu bildirilən Mendelin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.