ABŞ Venesuelada hərbi baza qurmağı planlaşdırır
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə Amerika hərbçilərinin uzunmüddətli yerləşdirilməsini nəzərdə tutan razılaşma ilə bağlı Venesuela ilə danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hərbi sazişin hazırlanması istiqamətində işlərə ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Söhbət silahlı qüvvələrin statusu ilə bağlı razılaşmadan gedir. Hərbçilərin yerləşdirilmə müddəti, dislokasiya məntəqələri və digər detalların sonrakı sənədlərlə müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ABŞ-ın Venesuelada yeni hərbi bazalar tikib saxlayacağı, yoxsa mövcud yerli bazalardan istifadə edəcəyi hələlik məlum deyil.
ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi Vaşinqtonun Venesuela ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Bununla belə, hazırda hərbi bazalarla bağlı danışıqların aparılmadığını vurğulayıb.
“The New York Times”ın danışdığı ekspertlər isə ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsi təşəbbüsünün bir sıra çətinliklərlə üzləşə biləcəyini qeyd ediblər.
Onların fikrincə, Amerika hərbçilərinin mövcudluğu Venesuelada ABŞ əleyhinə əhval-ruhiyyəni gücləndirə bilər. Bundan başqa, ölkədə hərbçilərin yerləşdirilməsi üçün uyğun infrastrukturun olmadığı bildirilir.
Ekspertlər, həmçinin ABŞ hərbçilərinin Venesuela silahlı qüvvələri ilə təxminən 10 ildir əməkdaşlıq etmədiyini və münasibətlərin yenidən qurulmasının vaxt tələb edəcəyini diqqətə çatdırıblar.