Gələn il büdcəyə ilk dəfə dividend ödəyəcək dövlət şirkətləri açıqlanıb
Gələn il büdcəyə ilk dəfə dividend ödəyəcək dövlət şirkətləri açıqlanıb
Operativ Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
2027-ci ildə ilk dəfə dividend ödəməsi nəzərdə tutulan təşkilatlardan dövlət büdcəsinə 263 milyon manat daxilolma proqnozlaşdırılır. Bu məbləğin 71,3 milyon manatı “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin, 48,8 milyon manatı “Azərbaycan Hava Yolları” QSC-nin, 39 milyon manatı “Azərgold” QSC-nin, 36,5 milyon manatı “Azərenerji” ASC-nin, 21,3 milyon manatı “Azərtelekom” MMC-nin payına düşür.
Həmçinin “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-dən 7,9 milyon manat, Dövlət Reklam Agentliyindən 4 milyon manat, “Azəralüminium” MMC-dən 3,1 milyon manat, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-dən 2,4 milyon manat, “Azərişıq” ASC-dən 2,3 milyon manat dividend daxilolması nəzərdə tutulur. Qalan 25,8 milyon manat isə digər dövlət müəssisələrinin payına düşür.
Ümumilikdə, gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən büdcəyə 872 milyon manat dividend daxilolması gözlənilir. Bunun 434 milyon manatı SOCAR, 175 milyon manatı isə “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə proqnozlaşdırılır.
2026-cı ildə dividend ödəyicisi olan müəssisələrin sayı 2 olduğu halda, 2027-ci ildə 52 dövlət müəssisəsinin büdcəyə dividend ödəməsi nəzərdə tutulur.