Gələn il kənd təsərrüfatı tədbirlərinə ayrılacaq vəsait məlum olub
Azərbaycanda 2027-ci ildə kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək vəsaitin həcmi müəyyənləşib.
Operativ Media xəbər verir ki, bununla bağlı məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Sənədə əsasən, 2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi istiqamətləri üzrə ümumilikdə 2153,3 milyon manat vəsait nəzərdə tutulur. Bu məbləğ 2020-ci illə müqayisədə 176,5 milyon manat və ya 8,9 faiz, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 335,8 milyon manat və ya 18,5 faiz çoxdur.
Kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsi üçün ayrıca 800,9 milyon manat ayrılması planlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 247,4 milyon manat və ya 44,7 faiz artım deməkdir.
Baytarlıq tədbirlərinə yönəldiləcək vəsaitin isə 53,3 milyon manat olması proqnozlaşdırılır. Sözügedən göstərici ötən illə müqayisədə 8,4 milyon manat və ya 18,6 faiz yüksəkdir.
Bununla yanaşı, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görüləcək tədbirlər üçün 522,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub.